`Burada təhsilin keyfiyyəti ən yüksək səviyyədə olacaq` - İlham Əliyev


18:42     15 Sentyabr 2017 15054665691415354495_1000x669_1505471491.jpg

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında iştirak edib.


Femida.az xəbər verir ki, müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib:

“Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün uşaqları, şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm. 20 nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni starndartları müəyyən edirik. Bu məktəbin böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub. Bu gün də ölkənin ən böyük məktəbi kimi fəaliyyətini yeni binada davam etdirir.

10 il əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülüb. Mən bu məktəbdə olmuşdum, təmir işləri aparılmışdı. O vaxt üçün bəlkə də təmir işləri pis aparılmamışdı. Ancaq bu, bizim bugünkü inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni bina tikilsin. Xatırlayıram ki, o vaxt müəllimlər və şagirdlərdə müəyyən fikirlər, narahatlıqlar vardı ki, bu məktəb söküləcək və yerində başqa bina tikiləcək. Bəzən şəhərdə belə şayiələr gəzirdi. Ancaq bizim planımız bundan ibarət idi ki, 20 nömrəli tarixi məktəbin yerində yeni məktəb tikilsin. 2,5 il ərzində möhtəşəm bir bina tikildi. Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil. Çünki son illər bölgələrdə və Bakıda bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. 20 nömrəli məktəb bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq".

Ölkə başçısı vurğulayıb ki, son illər həm Bakıda, həm də bölgədə gözəl məktəblər tikilib: “Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb gözəlliyi, təchizatı və rahatlığı ilə fərqlənir. Əminəm ki, təhsilin keyfiyyəti burada yüksək səviyyədə olacaq. Son illər ərzində Bakı şəhərində məktəblərin tam əksəriyyəti təmir olunub, yeni korpuslar tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı hardasa 20-yə yaxındır. Əminəm ki, gələn il çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək”.

Prezident qeyd edib ki, indi bölgələrdə modul tipli məktəblər tikilir: "Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır".

Femida.az

Açar sözlər:

Oxunub: 967